Məmləkətin dəbi


Çəkilir evinə axşam olanda,

toplanır masanın əzabkeşləri.

Hərə öz üzünə tazə ifadə,

tazə təbəssümü geyinir gəlir.


Ürəklər narahat, beyinlər gərgin. 

Gərgin məmləkətdə belə keçir gün.

Fəhlə səhər evdən edilir sürgün,

Axşam öz özünə deyinir gəlir.


Zəngin də gün görmür bu məmləkətdə.

Kiçilir, alçalır varı artdıqca. 

Olsa da kor kimi qara zülmətdə,

yenə öz özünə öyünür gəlir.


Hərə öz zülmünü içir gizlicə,

hərə öz yalanın qusur yastığa.

Gecənin zülməti ayıb örtəndə,

Vicdanın sədası döyünür gəlir.


Dərdi unudanlar yarışa girir. 

Gülüşlər gülüşə qarışır gündüz, 

Üzlər də həyasız, arsız gülüşə 

Baş əyir məcburi, barışır gündüz. 


Gecə məhkəmələr qurulur təzdən, 

Ürək həyəcandan burulur, qalır. 

Ayna hakim olur, gözlər müttəhim, 

Gülüş davam etmir, dodaqlar susur, 

Təbəssüm bu yolda yorulur qalır... 


Ömür yırğalanır yelləncək kimi. 

Küləyin nəfəsi xoş gəlir bizə. 

Arıq bədənlərə gen pencək kimi 

Bəzən təbəssüm də boş gəlir bizə. 


Evlərin içini bəzədik durduq. 

Kilimi dəyişdik, gəvə çevirdik. 

Səhərlər geyindik, gecə soyunduq

Həyatın özünü dəbə çevirdik. 



Comments

Popular Posts